QADIN dediyin | “Əxlaq qısa ətəklə ölçülmür”

QADIN dediyin  |  “Əxlaq qısa ətəklə ölçülmür”
  17 May 2013    Oxunub:9198
AzVision.az yeni bir layihə təqdim edir: “QADIN dediyin…” Bu layihədə az və ya çox tanınmış xanımlar özlərini qadın kimi tanıdacaqlar. Azərbaycanda qadın olmağı onların öz dilindən eşidib biləcəyik.

İlk olaraq jurnalist xanım Rövşanəni qadın olaraq kəşf etməyə çalışdıq.


Onunla görüşənə qədər biz də sizin kimi sadəcə efirdəki Rövşanəni tanıyırdıq – emosional, özündən razı, həmsöhbətinin “sözünü ağzında qoyan”, qlamur və əksəriyyəti mənfi yüklü olan daha neçə fikirlər… Ancaq medalın görünməyən və əslində maraqlı tərəfi onunla ünsiyyət zamanı üzə çıxır.

Əksər qadınlardan fərqli olaraq, o, yaşının 34 olduğunu gizlətmir. Yeniyetmə dəlisovluğu ilə yenilik, fərqlilik axtarışında olduğunu deyir. Ağlına qoyduğunu mütləq yerinə yetirir. Heç nə onu sındıra bilməz, sınsa da heç kim bunu bilməz.
8 yaşlı qızı ilə birlikdə olanda o 3-cü sinif şagirdi Rövşanədir, “Maşa”dır, canavardır, dovşandır…

Ancaq “İçindəki Rövşanəni bizə tanıt…” deyəndə özünü Yerdən uzaq, göylərə yaxın biri kimi xarakterizə etdi:

-İçimdəki Rövşanə çox romantik, duyğusal, tez alışıb, tez sönən, ruhsal, bir sözlə, efirdəkindən 360 dərəcə fərqli biridir. Özümlə tək qalanda vicdanının səsini dinləyən, özüylə hesablaşan bir insanam.

-Bəs Rövşanəni Rövşanə edən nə olub?

- Rövşanəni Rövşanə edən ailəm,valideynlərim olub. Gördüyüm tərbiyə, mühit,verdikləri təhsil və istiqmət olub. Məni fərd kimi yox,şəxsiyyət kimi tərbiyə ediblər. Sonra məni mən edən iddialarım üzə çıxıb. İmkanlarımı dəyərləndirmişəm həmişə. Çox güclü qadınam. Sınmağı, büdrəməyi sevmirəm. Mənim yolumu kəsmək, əlimi-qolumu bağlamaq mümkün deyil. Heç buna səbəb də olmayıb, çünki mənim məqsədlərim həmişə ali, təmiz, övladım və karyeram üçün olub. Və hələ hələ arzularımın və iddialarımın başlanğıcındayam…

-Bu qədər iddialı insanın ilk savaşı kimə, nəyə qarşı olub?

- İlk savaşım içimdə özümə qarşı olub. Arzu və istəklərim reallıq və imkanlarla üst-üstə düşməyib. Yaş, gənclik, mental dəyərlər və ictimai fikirlər mane olub. Amma sonda mənə yaraşanı və istədiklərimim real sonunu tapa bilmişəm. Etirazlarım isə çox olub. O zamanlar “Sara TV” açılmışdı, mən də orada işləmək istəyirdim. Valideynlərim qətiyyətlə qarşı çıxdılar və yalnız universiteti bitirəndən sonar onlarla ciddi söhbətim oldu. Yəni ikinci addımda qazandım. Mən lazımi məqamda geri çəkilə bilirəm, ancaq sonda mütləq qələbə çalıram.

Təkcə qadın olmaq bu qədər çətin ikən, eyni anda ana, müəllimə, aparıcı olmaq daha çətin olmalı... Görəsən, hansı missiya daha məsuliyyətli və önəmlidir onun üçün?

-Qadının avtomobil idarə etməsinin, təkbaşına biznes qurmasının belə mənfi qarşılandığı, qarafikirli insanların çoxluq təşkil etdiyi bir cəmiyyətdə, əlbəttə, qadın olmaq çox çətindir. Minlərlə xəyanət edən, övladına sahib çıxmayan kişilərə susan cəmiyyət nədənsə “əxlaqsız” sözünü yalnız qadına aid edir. Ancaq əxlaq mənim üçün vicdanlı olmaqdır. Əxlaqı nə qısa ətəklə ölçmək olar, nə də qalstuk altında gizlənməklə…

Olduqca karyerist, yüksəlmək istəyi tükənməyən Rövşanə bütün bu çətinliklərin fonunda daha çox ANA-dır…O, ana olmağı bütün ad, titul və peşələrdən üstün tutur: “İşdən yorğun halda evə gələndə qızım “ana” deyib qucağıma qaçanda hər şeyi unuduram…”

- Ana kimi Rövşanənin əsas prinsipi, formulu nədir?

- “Balam əzizdir, amma tərbiyəsi ondan da əzizdir” prinsipiylə böyüdürəm qızımı. Onu mənəvi silkələnmələrdən qoruyuram. Əlimdən gələn qədər hər şeylə təmin edirəm ki, qoy hər şeyi dadsın, görsün. Ancaq ondan bircə tələbim var: yüksək təhsil və tərbiyə. Diplomu qızıma cehiz vermək istəmirəm, təhsilli, dünyagörüşlü və pafoslu səslənməsin, cəmiyyətə ,ailəsinə yararlı vətəndaş böyütmək istəyirəm.


- Maraqlıdır, qızınız sizi necə təsvir edərdi?

- Qızım da mənim kimidir, gözəlliyə çox önəm verir. Ondan soruşsanız, deyəcək “Mənim mamam çooox gözəldir…” Mən də beləyəm. hər şeydə gözəllik axtarıram. Söz də gözəl olmalıdır, ruh, düşüncə də…Bir də ilahi ədalət mənim üçün hər şeydən yüksəkdə dayanır. Övladıma da o ədalət hissini aşılamağı çalışıram.


- Bəs siz özünüzü gözəl, yoxsa baxımlı qadın kateqoriyasına aid edirsiniz?

- Əlbəttə ki, baxımlı. Özümə qətiyyən gözəl deyə bilmərəm – boyum balacadır, kökəlməyə meylliyəm. Evdə yeməyi özüm bişirirəm, amma mətbəxdə həmişə əlcəkdən istifadə edirəm. Əllərimin baxımlı olması mənim üçün çox vacibdir. Yaşlanmaqdan isə qətiyyən qorxmuram. Uzaq başı plastik əməliyyat etdirib, bir az üzümü çəkdirərəm. (gülür)

Rövşanənin fikrincə, həyat insanı müdrikləşdirir, ya cavanlaşdırır, ya da qocaldır…

- Özünüzü ağıllı, müdrik qadın hesab edirsiniz?
- Mən valideynlərimin qarşısında həmişə uşagam. Uşaqlar müdrik olmur. Mən övladımın yanında böyük və müdrikəm. Uşaqlar heç kimi valideynlərindən ağıllı və güclü bilmirlər. Bəzən dostlarımın yaxşı məsləhətinə ehtiyacım olur. Müdriklik insanın rolu ilə bağlı olan ölçü vahididir. Bu, situasiyadan asılı olaraq dəyişir.


Rövşanə bütün sevgisini, enerijisini işindən, övladından alır. Kifayət qədər tanınan, sevildiyinin fərqində olan qadındır. Özü isə platonik olaraq məşhur Hollivud ulduzu Antonio Banderası sevir. Onun üçün ideal kişi mərd, qadınına və övladına sahib çıxa bilən, sözü üstündə durmağı bacaran və ən əsası, öz düşüncəsi olan kişidir. Amma bilmir ki, bütün bu xüsusiyyətlər Banderasda var, yoxsa yox?..

İxtisasca filoloq olan Rövşanə dünya ədəbiyyatı ilə yaxından maraqlanır. Ədəbiyyatda onun üçün qadın haqqında yazılmış ən gözəl əsər və ideal qadın obrazı hansıdır bəs?

- Viktor Hüqonun “Səfillər” romanında Kozettanı çox sevirəm. Bir də Elik Şafakın Ellasını (“Aşk” romanı). Bəzən Ellayla öz aramda bir doğmalıq, yaxınlıq da hiss edirəm. Azərbaycanda da, yəqin ki, Ella kimi minlərlə qadın var. Amsterdamda, Avropada ellalar varsa, Azərbaycanda və Şərqdə, bu, təbii haldır. Ancaq məncə, qadın həmişə sonda öz sevgisini tapır…

- Ancaq hər qadını Ella kimi “Aşk”a aparan kişi olmur…

- Elədi, olmur… Cəmiyyət bu kimi halları qəbul etmirsə, qarşı çıxırsa, bu, o demək deyil ki, bizdə ici tənha qadınlar yoxdur. Amma qadın özü güclü, inamlı olmalıdır. Atasının qızını 13 yaşda ərə verdiyi cəmiyyətdən hansı sevgidən, özünə inamdan danışmaq olar? Mən qadının etdiyi ən xırda səhvdə də adətən kişini günahlandırıram. Çox istərdim ki, bizim qadınlar ailələrdə şəxsiyyət kimi tərbiyə olunsunlar. Cəmiyyətə bütöv hazırlansınlar, təkcə mətbəx üçün deyil.


Qız uşaqları adətə analarına bənzəmək, onun kimi olmaq istəyirlər. Qızlar üçün bir ideal qadın obrazı olur- Anaları. Bu, zaman-zaman əksinə də ola bilir. Rövşanə necə, “mən də anam kimi olacam”, yoxsa “mən anamın etdiklərini etmərəm” deyə düşünürmüş? Anasının hansı xüsusiyyətlərini özündə əks etdirmək istərdi?

- Son vaxtlar yeniyetmə intiharlarının sayının artmasına səbəb övladla valideyn arasındakı uçurumun, “Atalar və oğullar” ziddiyətinin hələ də davam etməsidir. Qız seksual problemini anasına deyə bilmir, gedib həmyaşıd olduğu rəfiqəsiylə bölüşür. Hansı ki, heç rəfiqəsinin də bu barədə biliyi yoxdur. Ancaq ananın həyat təcrübəsi imkan verər ki, qızına doğru yol göstərə bilsin. Qız öz anasına öz sevgisindən danışa bilməz, halbuki, nə gözəl ki, sevib-sevilir…Amma təbii ki, hər şey zamanında və çərçivəsində olmalıdır. Ananın qızı ilə rəfiqə olması zamanı və çərçivəni doğru-dürüst müəyyənləşdirir.


Leyla Əliyeva
Sevinc Fədai

Qalereya




Teqlər:  





Xəbər lenti